Lüdovik Ajork Fransaya qayıtdı – yeni klubu…

Fransanın “Brest” klubu heyətini iki yeni futbolçu – hücumçu Lüdovik Ajork və mərkəz müdafiəçisi Abdulaye Ndiaye ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Ajork Almaniyanın “Maynts”, Ndiaye isə Fransanın “Trua” klubundan “Brest”ə keçib. Fransa klubu hər iki oyunçunu qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

Lüdovik Ajork Fransanın “Anje” klubunun yetirməsidir. Fransalı hücumçu ölkəsində “Strasburq”, “Klermon”, “Le Puare”, “Lyuson” kimi klublarda da forma geyinib. “Maynts” 30 yaşlı futbolçunu 2023-cü ilin yayında “Strasburq”dan 6 milyon avro müqabilində heyətinə cəlb etmişdi. Fransız forvard Bundesliqa klubunun heyətində 46 oyuna çıxıb, 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı hücumçunun transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Abdulaye Ndiaye isə Lion “Olimpik”inin yetirməsidir. “Bastiya”da da oynamış 22 yaşlı müdafiəçi “Trua”ya 2023-cü ilin yayında 3,5 milyon avro qarşılığında “Olimpik”dən keçmişdi. O, sözügedən komandanın heyətində 31 oyuna çıxıb, 3 assist müəllifi olub.

Seneqalın U-20 və U-23 yığmalarında da oynamış Abdulaye bu ilin yanvarında əsas millidə də debüt edib.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: