Yenidən Premyer Liqaya qayıtmış “Şamaxı” bu yay daha bir futbolçusu – Abbas Ağazadə ilə vidalaşmaq qərarına gəlib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, əyalət təmsilçisi yarımmüdafiəçi Abbas Ağazadə ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
“Qəbələ”nin yetirməsi olan Abbas, karyerası ərzində MOİK, “Sabah” və “Turan Tovuz”da da forma geyinib. 25 yaşlı dayaq yarımmüdafiəçisi 2023-cü ilin avqustundan “Şamaxı”nın uğurları üçün çalışırdı.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün 1-ci turu çərçivəsində “Şamaxı” səfərdə “Sabah”la bərabərə qalıb – 2:2.
“Şamaxı” bu yay Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Ələsgərov, Kənan Quliyev və Cəlal Cəbrayılovla da vidalaşmışdı.
Əyaət klubu Səbayıl Bağırov, Abdulla Seydəhmədov, Emin Zamanov və Sahib Həsənovla da yeni müqavilə bağlayıb. Amma Sahib Həsənov yeni müqavilə imzaladıqdan sonra “Difau Ağsu”ya icarəyə verilib.
Əyalər klubu gedənlərin əvəzində Adil Nağıyev (“Səbail”), Rafael Məhərrəmli (“Səbail”), İlkin Muradov (“Zirə”), Rüfət Abbasov (“Neftçi”), Rauf Rüstəmli (“Sabah”, icarə), Belaydi Pusi (“Turan Tovuz”), Brahim Konate (“Hapoel”, Afula, İsrail), Georgi Kantariya (“Nejmeh”, Livan), Rikardo Fernandes (“Torreense”, Portuqaliya), Kamal Bayramov (“Turan Tovuz”), Fəxri Məmmədli (“Sabah”, icarə), Vasili Radenoviç (QOŞK, Bosniya və Herseqovina), Conatan Benteke (“Union Titus Petange”, Lüksemburq) və Vasili Bakiç (“Radniçki”, Serbiya) kimi futbolçularla güclənib. Ötən mövsümü “Səbail”də icarədə keçirmiş Bahadur Həziyev də komandaya qayıdıb.


