Süleymanov medalsız qaldı, Hüseynov Olimpiada ilə vidalaşdı

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını medalsız başa vurub.

Arena.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bu gün 3-cü yer uğrunda qarşılaşmaya çıxıb.

Akjol Mahmudovla (Qırğızıstan) qarşılaşan güləşçimiz məğlub olub. Görüş rəqibin 6:5 hesablı qələbəsi ilə yekunlaşdığından Sənan 5-ci yeri tutub.

Xatırladaq ki, dünya çempionatlarının ikiqat gümüş mükafatçısı olan Sənan Süleymanov Olimpiadada mübarizəyə ötən gün 1/8 final mərhələsindən başlamışdı. O, startda Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla qarşılaşmış və 2:0 hesablı qələbəyə sevinmişdi. İdmançımız 1/4 final mərhələsində də Macarıstan təmsilçisi Zoltan Levaya sonuncu xal prinsipi (1:1) ilə qalib gəlmişdi. O, finala vəsiqə uğrunda qazaxıstanlı Demeu Jadrayevlə üz-üzə gəlmiş və 1:6 hesabıyla uduzaraq bürünc medal uğrunda mübarizə aparmaq məcburiyyətində qalmışdı.

Yeri gəlmişkən, Azərbaycanın digər yunan-Roma güləşçisi Rafiq Hüseynov Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub. 87 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın 1/8 finalda məğlub olduğu rəqibi – Macarıstan təmsilçisi David Loşontsi finala vəsiqə qazana bilməyib. Onun finala gedən yolda Bolqarıstan güləşçisinə uduzması Rafiqin təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.

Qeyd edək ki, yunan-Roma güləşi millimiz Parisə 5 idmançı ilə yollanıb. Murad Məmmədovla (60 kq) Sabah Şəriəti (130 kq) də yarışı medalsız başa vurublar. Həsrət Cəfərov (67 kq) sabah bürünc uğrunda qarşılaşmaya çıxacaq.

Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Hələlik iki cüdoçumuz – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olub. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündəki nəticəsindən asılı olacaq. Eyni sözlər taekvondodakı yeganə təmsilçimiz, finala vəsiqə qazanmış Qaşım Maqomedova da aiddir.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: