Renat Dadaşov Türkiyə klubu ilə müqavilə bağladı – Rəsmi

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” klubundan birdəfəlik ayrılıb.

Arena.az xəbər verir ki, 25 yaşlı forvard bundan sonra Türkiyənin “Ankaragücü” klubunun uğurları üçün çalışacaq.

Bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Azərbaycanlı futbolçu Ankara təmsilçisi ilə 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Xatırladaq ki, “Ankaragücü” ötən mövsümü Türkiyə Super Liqasında keçirib. Amma komanda keçirdiyi 38 oyunda 40 xal topladığı üçün 20 iştirakçı arasında 17-ci yeri tutub və TFF 1-ci Liqaya düşüb. Renatın yeni komandası qarşıdakı mövsümdə yenidən Super Liqaya qayıtmaq üçün mübarizə aparacaq. “Ankaragücü” TFF 1-ci Liqanın yeni mövsümünün ilk turunda doğma meydanda “Şanlıurfaspor”la qarşılaşacaq. Bu oyun avqustun 11-də keçiriləcək.

Renat Dadaşov 2022-ci ilin iyul ayından İsveçrənin “Qrasshopper” klubunda çıxış edirdi. O, İsveçrə komandasının heyətində 40 oyuna çıxıb, 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Renatın “Qrasshopper”lə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi vardı.

Renat ötən mövsümü Türkiyənin “Hatayspor” klubunda icarədə keçirib. Türkiyə klubu onu ötən ilin yayında 2023/2024 mövsümünün sonuna kimi satınalma şərti ilə icarəyə götürmüşdü. Dadaşov Hatay təmsilçisində mövsüm ərzində 32 oyun keçirib və 6 qol vurub. Amma mövsümün yekununda “Hatayspor” onun transfer hüquqlarını almaq istəmədiyi üçün, Renat “Qrasshopper”ə qayıtmaq məcburiyyətində qalmışdı. Amma İsveçrə klubu da onu heyətində saxlamaqda maraqlı olmayıb.

Renat karyerası ərzində “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Vulverhempton” (U-21), “Ayntraxt” (U-19), “Leypsiq” (U-19, U-17) kimi komandalarda da oynayıb.

Almaniyanın U-16 və U-17 yığmalarında da oynamış Dadaşov, 2017-ci ildə Azərbaycanın U-21 yığmasında 2 oyun keçirib. Elə həmin ilin sentyabrında əsas millimizdə debüt edən hücumçu indiyə qədər yığmamızda 30 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: