Bernardo Silva: “Mançester Siti” bir gün məğlub olacaq”

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva İngiltərə Premyer Liqasının yeni mövsümündən gözləntilərini paylaşıb.

Arena.az “Manchester Evening News” dərgisinə istinadən, portuqal futbolçunun bu barədə fikrini təqdim edir:

“Rəqiblərimizin yeni oyunçularla müqavilə bağladığı daha bir mövsüm… Daha güclü görünürlər. “Arsenal” hər il daha yaxşı görünür, biz bunu bilirik. “Liverpul” həmişə çox güclüdür. Digərlərinə gəlincə – “Tottenhem”, “Çelsi” və “Mançester Yunayted” – əlbəttə, onlar mövsümü “Liverpul” və “Arsenal” kimi güclü başa vurmadılar, amma biz hazır olacağıq.

Futbolçularımız uduzmağı sevmirlər. Mövsümə digərləri kimi, çətin olacağını bilə-bilə hazırlaşacağıq. Əbədi olaraq qalib gəlmək isə mümkünsüzdür. Bir gün uduzacağıq. Ümidvaram ki, bu mövsüm yox, amma nə vaxtsa bu, baş verəcək”, deyə Bernardo Silva vurğulayıb.

Xatırladaq ki, ötən mövsüm “Mançester Siti” ardıcıl dördüncü, son yeddi ildə isə altıncı dəfə İngiltərə Premyer Liqasının çempionu olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: