Prezident İlham Əliyev Fransada keçirilmiş Yay Olimpiya Oyunlarında yüksək nəticələrə imza atmış Azərbaycan idmançılarını mükafatlandırıb.
Arena.az xəbər verir ki, Prezident İlham Əliyev bu gün “Fransanın Paris şəhərində keçirilmiş XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncamla XXXIII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
- birinci yeri tutan hər bir idmançıya 400 000 (dörd yüz min) manat, onun məşqçisinə 200 000 (iki yüz min) manat;
- ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;
- üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat.
Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Ölkə prezidenti Milli Olimpiya Komitəsinin rəhbəri kimi də uğur qazanmış idmamçıları mükafatlandırıb. Belə ki, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Paris olimpiadasında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyənləşdirilib:
Birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;
İkinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat;
Üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min) manat, onun məşqçisinə 25 000 (iyirmi beş min) manat;
Komandanın baş məşqçisi – idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).


