Marselo Brozoviç millidən getdiyini açıqladı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun dayaq yarımmüdafiəçisi Marselo Brozoviç Xorvatiya millisindən getdiyini açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə Xorvatiya millisinin mətbuat xidməti məlumat yayıb.

Təcrübəli futbolçu 31 yaşında milli karyerasını yekunlaşdırmağa qərar verib.

Marselo Brozoviç 2014-cü ilin iyun ayında debüt etdiyi Xorvatiya yığma komandasında meydana çıxdığı 99 oyunda 7 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. O, milli ilə dünya çempionatının gümüş (2018) və bürünc (2022) medalçısı olub, həmçinin sonuncu AÇ-2024-də də iştirak edib. Amma Xorvatiya millisi İspaniya, Albaniya və İtaliya ilə mübarizə apardığı qrupdan çıxa bilməyib.

Brozoviç 2023-cü ilin iyul ayından “Əl-Nəsr”də çıxış edir. Səudiyyə Ərəbistanı klubu həmin vaxt onu Milan “İnter”indən 18 milyon avro müqabilində heyətinə qatmışdı. Marselo “Əl-Nəsr”də indiyə qədər 43 oyuna çıxıb, 5 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.

Brozoviç daha öncə ölkəsində “Dinamo” (Zaqreb), “Lokomotiva” və “Hrvatski Draqovolyaç” klublarında da forma geyinib. Onun karyerasının böyük hissəsi “İnter”də keçib. Marselo 2015-ci ildən “Əl-Nəsr”ə keçənə qədər bu komandanın heyətində 300-dən çox oyun keçirib, xeyli titul qazanıb. Ümumilikdə Brozoviçin 8 illik “İnter” karyerası belədir: 330 oyun, 31 qol, 43 məhsuldar ötürmə. Yarımmüdafiəçi Milan klubu ilə 5 kubok qazanıb: 1 skudetto, 2 İtaliya Kuboku, 2 İtaliya Super Kuboku.

Marselo Brozoviçin titulları arasında vaxtilə Zaqreb “Dinamo”su ilə 3 Xorvatiya çempionluğu və 1 Xorvatiya Super Kuboku da var.

Xəbəri sosial şəbəkələrdə paylaş: