AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı qayda pozuntularına hüquqi qiymət verilib.
Arena.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqası, 2-ci tur
“Qarabağ” – “Kəpəz” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə klubu 700 manat cərimə edilib. Oyunun 78-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Elmir Tağıyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 500 manat cərimə edilib. Oyunun 89-cu dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Kəpəz”ə xəbərdarlıq edilib.
“Araz-Naxçıvan” – “Şamaxı” oyununda hesab tablosu işləmədiyinə görə Naxçıvan klubu 500 manat cərimə edilib.
“Səbail” – “Neftçi” oyununda “Səbail”in 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib. Oyun bitdikdən sonra stadionda “Neftçi”nin azarkeşləri tərəfindən iğtişaş törədildiyinə görə sözügedən klub 4000 manat cərimə edilib. Oyun bitdikdən sonra “Neftçi”nin futbolçusu Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə edilib.
“Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığına görə Tovuz klubu 700 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 1-ci tur
“Zirə-2” – “Səbail-2” oyununda “Səbail” limiti pozduğuna görə bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. “Səbail” buna görə 400 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 2-ci tur
“Qarabağ-2” – “Kəpəz-2” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə Ağdam komandası 50 manat cərimə edilib. Bu oyunda xərəkdaşıyan uşaqların say limiti pozulduğuna görə “Qarabağ” 80 manat cərimə edilib. Oyunöncəsi iclasda “Kəpəz”in nümayəndəsi iştirak etmədiyinə görə Gəncə komandası 80 manat cərimə edilib.
“Səbail-2” – “Neftçi-2” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Səbail” 80 manat cərimə edilib.
“Sabah-2” – “Zirə-2” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə aldığına görə bu klub 70 manat cərimə edilib.


