Fransanın “Dijon” klubunun sol vingeri Rayan Messi bundan sonra ölkənin digər komandası “Strasburq”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Strasburq”un mətbuat xidmətinə istinadən məlumat verir.
Transfer bu klubların U-19 komandaları arasında gerçəkləşib. Transfer məbləği isə 1,5 milyon avro məbləğindədir. Rayan “Strasburq”la müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Rayan Messi futbola “Şavil” klubunda qədəm qoyub. Buradan “Versal”a, ardınca isə “Dijon”a keçib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Rayan Messi “Dijon”un heyətində bütün yarışlarda 4 oyuna çıxıb, 1 qol vurub.
Rayan Messi Fransanın U-16 və U-17 yığmalarında çıxış təcrübəsinə mailkdir, gənc vinger “xoruzlar”ın əsas yığmasına isə hələ cəlb edilməyib.
Böyük futbolda cəmi ikinci mövsümünü keçirən Rayan Messi hələ heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı fransalı futbolçunun transfer dəyərini 400 min avro məbləğində qiymətləndirir.


