Dieqo Moreyra və Meyson Berstou satıldı – “Çelsi”nin qazancı…

İngiltərənin “Çelsi” klubu iki futbolçusunu – sol vinger Dieqo Moreyra ilə hücumçu Meyson Berstounu satmağa qərar verib.

Arena.az xəbər verir ki, Moreyra Fransanın “Strasburq”, Berstou isə İngiltərənin “Hall Siti” klubuna satılıb.

“Zadəganlar” Dieqonun satışından 2 milyon, Meysonun sövdəsindən isə 2,35 milyon avro qazanc əldə ediblər. 21 yaşlı Berstou yeni klubu ilə 4+1 illik müqavilə bağlayıb. Moreyra isə Liqa 1 təmsilçisi ilə 5 illik müqaviləyə imza atıb.

Dieqo Moreyra əslən Portuqaliyadan olsa da, Belçikada dünyaya göz açıb. “Standard” (Lyej) və “Benfika” kimi klubların yetirməsi olan vinger “Çelsi”yə 2023-cü ilin yayında azad agent kimi qoşulmuşdu. 20 yaşlı futbolçu London klubunun əsas komandasında cəmi 1 matça çıxmışdı. Ötən mövsümdə isə o, Lion “Olimpik”indən icarədə olub. Belçikanın U-15 yığmasında oynamış futbolçu sonralar Portuqaliyanın müxtəlif yaş qrupları üzrə millilərində forma geyinib, hazırda da U-21-ə dəvət alır.

Meyson Berstou isə “Uellinq Yunayted”, “Meydston Yunayted”, “Çarlton Atletik” kimi klublarda yetişib. “Çelsi”yə 2022-ci ilin yanvarında 1,8 milyon avro müqabilində “Çarlton”dan keçmiş futbolçu, “zadəganlar”ın əsas komandasında cəmi 3 matça çıxıb. 21 yaşlı futbolçu “Çarlton” və “Sanderlend”də icarədə də olub.

“Çelsi” dayaq yarımmüdafiəçisi Lesli Uqoçukvunu da “Sauthempton”a icarəyə verib. 20 yaşlı fransalı futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq.

Fransanın “Renn” klubunun yetirməsi olan Uqoçukvu “Çelsi”yə 2023-cü ilin avqustunda 27 milyon avro müqabilində keçib. Amma o, “zadəganlar”ın əsas komandasında keçirdiyi 15 oyunda fərqlənə bilməyib. Lesli Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynayıb.

Yeri gəlmişkən, “Sauthempton”un braziliyalı hücumçusu Juan Santos da Silva Türkiyənin “Göztəpə” klubuna keçib. Super Liqa təmsilçisi 22 yaşlı forvardı mövsümün sonuna kimi icarəyə götürüb.

Braziliyanın “San Paulo” klubunun yetirməsi olan Juan, “Sauthempton”a elə bu yay transfer olunub. O, İngiltərə klubunda debüt etmədən icarəyə göndərilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: