“Monako”nun və Fransa milli komandasının dayaq yarımmüdafiəçisi Yussuf Fofana bundan sonra “Milan”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.
A Seriyası nəhəngi bu transferi 20 milyon avro müqabilində rəsmiləşdirib. Əslən Malidən olan 25 yaşlı fransalı futbolçu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Yussuf Fofana peşəkar karyerasına Fransanın “Strasburq” klubunda başlayıb. “Monako” onu 2020-ci ilin yanvarında 15 milyon avro qarşılığında heyətinə qatmışdı. Yarımmüdafiəçi knyazlıq təmsilçisinin heyətində 108 oyun keçirib, 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Fofana vaxtilə Fransanın U-19, U-20 və U-21 yığmalarında çıxış edib. 2022-ci ilin sentyabrında Fransanın əsas millisində debüt etmiş futbolçu indiyə qədər 21 oyuna 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
Yussuf Fofananın yeganə uğuru “Strasburq”la 2018-ci ildə Fransa Liqa Kubokunun qalibi olmasıdır.


