İtaliyanın “Atalanta” klubunun argentinalı mərkəz müdafiəçisi Xose Luis Palomino bundan sonra “Kalyari”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Kalyari” rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bolqarıstan vətəndaşlığına da malik olan təcrübəli futbolçu yeni klubuna azad agent kimi keçib və 1+1 illik müqaviləyə imza atıb.
Xose Luis Palomino “Atalanta”ya 2017-ci ilin iyul ayında Bolqarıstanın “Ludoqorets” klubundan 4,7 milyon avro qarşılığında keçmişdi. O, Berqamo təmsilçisinin heyətində 225 oyun keçirib, 9 qol vurub, 5 məhsuldar ötürmə verib.
Xose Luis Palominonun formasını geyindiyi klublar arasında “Mets”, “San Lorenso”, “Ludoqorets”, “Argentinos Xuniors” da var.

“Kalyari” bir neçə futbolçusu ilə də yollarını ayırıb. 21 yaşlı mərkəz yarımmüdafiəçisi İsayas Delpupo Belçikanın “Sent Trüden” klubuna keçib. “Kalyari” onun satışından 200 min avro qazanıb. İtaliya vətəndaşlığı da olan argentinalı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. “Kalyari”nin yetirməsi olan Delpupo, ötən mövsümü “Pontedera”da icarədə keçirib.
“Kalyari”nin digər mərkəz yarımmüdafiəçisi Xristos Kurfalidis də azad agent kimi “Kozentsa”ya keçib. 21 yaşlı yunan futbolçu yeni klubu ilə 2+1 illik müqavilə bağlayıb. “Feralpisalo”, “Focca” kimi klublarda da oynamış yarımmüdafiəçi, “Kalyari”də 29 oyuna 1 qol və 3 assistlə yadda qalıb.
“Kalyari” iki futbolçusunu da icarəyə verib. İtaliyadan olan 21 yaşlı sol cinah müdafiəçisi Davide Veroli “Sampdoriya”ya keçib. “Sampdoriya” onu satınalma şərti ilə icarəyə götürüb. 28 yaşlı serbiyalı qapıçı Boris Radunoviç də “Bari”yə keçib. Hər iki futbolçu cari mövsümün sonuna kimi icarədə olacaq.


