Ceymi Vardi: “Yaş – sadəcə bir rəqəmdir”

İngiltərə Premyer Liqasının 1-ci turunun “Tottenhem”lə ev oyunu (1:1) “Lester Siti”nin mərkəz hücumçusu Ceymi Vardi üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu oyunda 37 yaşlı veteran hücumçu komandasının bərabərlik qoluna imza atıb.

Oyundan sonra Vardi öz nailiyyətini şərh edib:

“Mən hesab edirəm ki, yaş sadəcə bir rəqəmdir. Nə qədər ki, ayaqlarımı və özümü yaxşı hiss edirəm, oynayacağam. Bizim, uğurlu bir gündə hər kəsi qaçmağa vadar edə bilən komandamız var”, deyə Vardi vurğulayıb.

Əlavə edək ki, bu qol Vardinin İngiltərə Premyer Liqasında 30 yaş daxil olmaqla daha yaşlı vaxtında vurduğu 103-cü qol olub. Müvafiq göstəricidə ikinci nəticə keçmiş ingilis hücumçu İan Rayta məxsusdur (93 qol).

Ümumilikdə Vardinin İngiltərə Premyer Liqasında vurduğu qollarının 75%-i futbolçunun 30 yaşından sonraya təsadüf edir.

Ceymi Vardi “Şeffild Uensdey”in yetirməsidir. Hücumçu karyerası ərzində “Stoksbric Park Stilz”, “Halifaks Taun” və “Flitvud Taun”da çıxış edib. “Lester Siti” Vardini 2012-ci ilin iyulunda 1,24 milyon avro məbləğ müqabilində “Flitvud Taun”dan heyətinə qatıb.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Vardi “tülkülər”in heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 20 qol vurub, 2 məhsuldar ötürmə verib.

Cari mövsümdə isə Vardi “tülkülər”in heyətində 1 oyun keçirib və 1 qol vurub.

Veteran kapitanın “Lester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi belədir: 465 oyun, 191 qol, 66 məhsuldar ötürmə.

Vardi 2015-ci ilin iyununda debüt etdiyi İngiltərə yığmasının heyətində 26 oyuna 7 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Ceymi Vardinin qənimətlər muzeyində “tülkülər”lə qazandığı İngiltərə Premyer Liqasında çempionluq (2015/2016), İngiltərə Kuboku (2021), İngiltərə Super Kuboku (2021/2022), həmçinin İngiltərə Çempionşipində qalibiyyət (2013/2014, 2023/2024) var. Həmçinin Vardi Premyer Liqanın 2015/2016 mövsümünün ən yaxşı oyunçusu seçilib, 2016-cı ildə isə İngiltərədə ilin oyunçusu elan edilib. 2019/2020-ci illər mövsümündə isə Ceymi Vardi 23 qolla Premyer Liqanın ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 37 yaşlı veteran hücumçunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: