Deku Niko Uilyamsın “Barselona”ya keçmək istəmədiyini açıqladı

“Barseona”nın idman direktoru Deku Bilbao “Atletik”inin hücumçusu Niko Uilyamsla bağlı, “blauqrana” azarkeşinin sualını cavablayıb.

Arena.az bu barədə jurnalist Viktor Navarroya istinadən məlumat verir və “Barselona” azarkeşi ilə klub rəsmisi arasındakı dialoqu təqdim edir:

“Barselona” azarkeşi:
– Niko Uilyams “Barselona”ya keçəcəkmi?
Deku:
– Mən Uilyamsın keçməsini istəyirəm, amma o, istəmir.
“Barselona” azarkeşi:
– Bəs başqa kimsə keçəcək?
Deku:
– Bəli.

Xatırladaq ki, Almaniyada keçirilmiş 2024-cü il Avropa çempionatından sonra “Barselona” çempionatın qalibi İspaniya yığmasının və Bilbao “Atletik”inin hücumçusu Niko Uilyamsı heyətinə qatmaq üçün ciddi cəhdlər göstərsə də, uğursuzluq yaşayıb. Mətbuatda, Uilyamsın daha bir mövsüm “Atletik”in heyətində çıxış etməyə qərar verdiyi haqda məlumat yayılıb.

Niko Uilyams Bilbao “Atletik”inin futbol akademiyasının yetirməsidir. Hücumçu 2021-ci ilin iyulundan əsas komandada çıxış edir.

Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə Uilyams Bilbao komandasının heyətində 37 oyuna çıxıb, 8 qol vurub, 19 məhsuldar ötürmə verib.

Cari mövsümdə Uilyams “Atletik” üçün 1 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Uilyamsın “Atletik”dəki karyerası ümumilikdə 123 oyun, 20 qol və 26 məhsuldar ötürmədən ibarətdir.

Nikolas Uilyams 2022-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 20 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib. Gənc hücumçu İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

Niko Uilyamsın qənimətlər muzeyində 2023/2024-cü illər mövsümündə “Atletik”lə qazandığı İspaniya Kral Kuboku da var.

“Transfermarkt” internet portalı 22 yaşlı ispan vingerin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: