İspaniyanın “Atletiko” (Madrid) klubu iki futbolçusu – Samu Omorodion və Horatiu Moldovanla yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Omorodion Portuqaliya nəhəngi “Portu”ya keçib. “Atletiko” onun satışı müqabilində 15 milyon avro qazanıb. Əslən Nigeriyadan olan 20 yaşlı ispaniyalı futbolçu yeni klubu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalayıb.
Samu Omorodion “Qranada”nın yetirməsidir. “Atletiko” onu 2023-cü ilin avqust ayında 6 milyon avro qarşılığında heyətinə qatmış və “Alaves”ə icarəyə vermişdi. Bu üzdən də o, “Atletiko”da debüt şansı qazanmayıb. Omorodion geridə qalmış mövsümü icarədə keçirdiyi “Alaves”də isə 35 oyunda 8 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Omorodion İspaniyanın U-19, U-21 və Olimpiya yığmalarında forma geyinsə də, hələ əsas millidə debüt şansı qazanmayıb.
Qapıçı Horatsiu Moldovan isə “Sassuolo”ya icarəyə verilib. İtaliya klubu rumıniyalı futbolçunu cari mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. 26 yaşlı qolkiperin Madrid klubu ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var.
Horatsiu Moldovan peşəkar karyerasına ÇFR-də başlayıb. O, “Hermanştadt”, “Vointa Turnu Maqurele”, “Energetikianul”, “Ripensiya Timişioara”, “Sepsi”, “UTA Arad”, “Rapid” (Buxarest) kimi klublarda da forma geyinib. “Atletiko” Moldovanı 2024-cü ilin yanvar ayında məhz “Rapid”dən 800 min avro müqabilində heyətinə qatmışdı. Amma ona “Atletiko”da debüt etmək qismət olmayıb.
Horatsiu Moldovan 2022-ci ilin noyabr ayında debüt etdiyi Rumıniya yığmasında 11 oyun keçirib, 9 qol buraxıb, 6 “quru” matç görüb.


