Dünya çempionatı: Hüseynov və Qantemirovdan bürünc medal

İordaniyanın paytaxtı Amman şəhərində 17 yaşadək güləşçilər arasında təşkil olunmuş U-17 dünya çempionatı sona yaxınlaşır.

Arena.az xəbər verir ki, beşinci yarış günündə sərbəst güləş üzrə mübarizəyə start verilib.

Hacıhüseyn Əhmədzadə (48 kq) debütdə rusiyalı Çingiz Sarıqlarla bacarmayıb – 2:11.

Hüseyn Hüseynov (55 kq) startda türkmənistanlı Azatberdi Aşırquliyevdən güclü olub – 3:1. Həmyerlimiz daha sonra tunisli Mokbel Sahliyə heç bir şans tanımayıb – 11:1. Hüseyn yarımfinalda Puerto-Riko təmsilçisi Josef Baxmana 2:5 hesabıyla məğlub olub. Hüseynov ermənistanlı Qaqik Qazaryanı 2:1 hesabıyla üstələyərək dünya çempionatını 3-cü pillədə başa vurub.

İsa Yusibov (65 kq) 1/8 finalda qazaxıstanlı Bakdaulet Akimjana uduzub – 0:6.

Məhəmməd Abbaszadə (80 kq) debütdə gürcüstanlı Nikolas Masuradzeyə 1:7 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşlərə qatılıb. Abbaszadə əvvəlcə monqolustanlı Qanbat Tserenpuntsaqı (tuş), daha sonra isə hindistanlı Vevik Veviki (10:0) vaxtından əvvəl xalçadan məyus yola salıb. Bürünc medal uğrunda qarşılaşma gərgin mübarizə şəraitində keçib. Ukraynalı Artur Kostyuka xalların keyfiyyətinə görə (5:5) məğlub olan Məhəmməd 5-ci yerlə kifayətlənib.

Muxamad Qantemirov (110 kq) 1/8 finalda amerikalı Maykl Mokkoya uduzub – 6:16. Belaruslu Yaraslav Koxan təsəlliverici görüşə gəlmədiyi üçün Qantemirov birbaşa üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Gürcüstanlı Qiqiya Lukunidze üzərində inamlı qələbə (7:0) qazanan Muxamad bürünc medalı boyundan asıb.

Xatırladaq ki, daha öncə yunan-Roma güləşi üzrə yığmamız bu dünya çempionatını 3 medalla başa vurmuşdu. Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar. Əmrah Əmrahov (48 kq) isə bürünc medal əldə edib.

Qadın güləşi üzrə yığmamızın heyətində isə Nəzrin Əhmədli (40 kq), Günay Qurbanova (61 kq) və Zəhrə Kərimzadə (69 kq) bürünc medala sahib çıxıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: