De Rossi: “Dibala “Roma”ya görə böyük pullardan imtina etdi”

“Roma”nın baş məşqçisi Daniele De Rossi argentinalı hücumçu Paulo Dibalaya Səudiyyə Ərəbistanından olan marağa öz münasibətini açıqlayıb.

Arena.az xatırladır ki, daha əvvəl “Əl-Kadisiya” argentinalı futbolçuya 3 illik müqavilə müqabilində 75 milyon avro məbləğ təklif etmişdi.

Lakin Dibala bu təklifdən imtina edərək “Roma”da qalmağı üstün tutmuşdu. İtalyan mütəxəssis argentinalı hücumçunun bu addımına belə şərh verib:

“Bu, eniş-yoxuşlarla dolu həyəcanverici bir vəziyyətdir. Dibala böyük rəqəmlərdən imtina etdi, bu, adi vəziyyət deyil. O, həmişə aparıcı olub, indi isə Paulo azarkeşlərin və komandanın ona olan məhəbbətini dərk edir. Bu, futbolda tez-tez baş verən hadisə deyil, ona görə də azarkeşlər bununla fəxr etməlidirlər. Dibalanın seçimi azarkeşlərin ona olan sevgisinin nəticəsidir”, deyə De Rossi vurğulayıb.

Paulo Dibala Argentinanın “İnstituto” klubunun yetirməsidir. Avropa karyerasına “Palermo” ilə başlayan Dibala buradan “Yuventus”a keçib. 2022-ci ilin iyulunda isə “Roma” Dibalanı “qoca sinyora”nın düşərgəsindən azad agent qismində heyətinə qatıb. Argentinalı hücumçunun “Roma” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dibala “canavarlar”ın heyətində hələlik 1 oyuna çıxıb. O, “Roma”da indiyə qədər bütün yarışlarda 78 oyuna çıxıb, 34 qol vurub, 18 məhsuldar ötürmə verib.

Paulo Dibalanın qənimətlər muzeyində “Palermo” ilə B Seriyası çempionluğu, “Yuventus”la İtaliya çempionluğu (5 dəfə), İtaliya Kuboku (4 dəfə), İtaliya Super Kuboku (3 dəfə) var.

Dibala 2015-ci ilin oktyabrında debüt etdiyi Argentina yığmasının heytində 38 oyuna 3 qol vurub, 7 məhsuldar ötürmə verib. Dibala “albiseleste” ilə DÇ-2022-nin və 2021/2022 Çempionların CONMEBOL-UEFA Kubokunun qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: