“Barselona”nın baş məşqçisi Hansi Flik hücumçu Robert Levandovskinin “Atletik”lə La Liqanın 2-ci tur oyunundakı çıxışını qiymətləndirib.
Arena.az alman mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Levandovskidən çox razıyam. O, ən yüksək səviyyədə işləyir və məşq edir, yaxşı təpki edir… Mən “Lyova”nı çox yaxşı tanıyıram, onu burada da görürəm. Əgər yaxşı formada və nikbin ruhdasansa, həmişə fərqlənəcəksən. Levandovski yaşına rəğmən, yüksək oyun səviyyəsini nümayiş etdirməkdə davam edir. Oyunun birinci hissəsində o, bir neçə təhlükəli məqam yaratdı və qələbəmizdə əsas rol oynadı”, deyə Flik vurğulayıb.
Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 2 oyuna çıxıb, 3 qol vurub. Levandovskinin Kataloniya nəhəngindəki karyerası bütövlükdə 97 oyun, 62 qol və 17 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 151 oyun keçirib, 82 qol vurub, 33 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 35 yaşlı polyak mərkəz hücumçusunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


