“Barselona”nın və “Mançester Siti”nin sabiq qapıçısı, bu yay futbolçu karyerasını bitirmiş Klaudio Bravo keçmiş klublarını müqayisə edib.
Arena.az çilili 41 yaşlı qapıçının bu barədə fikrini təqdim edir:
“Barselona” kiçik bir klub kimi fəaliyyət göstərir. Bunun dünya miqyası var, həm də nəhəng. Ancaq daxildə “Barselona” çox kiçik bir klubdur.
“Mançester Siti” isə daxili nizamına görə nəhəng klubdur. Komandada hovuza və paltardəyişmə otağına cavabdeh olan işçilər var. Tibb məntəqəsində və idman zalında işçilər var. “Mançester Siti” oyunçularının yaxşı surətdə inkişaf etməsi və oyunlardan başqa heç nə düşünməməsi üçün heç bir resursunu əsirgəmir”, deyə Bravo bildirib.
Xatırladaq ki, Klaudio Bravo 2014-2016-cı illər aralığında “Barselona”da forma geyinib. O, Kataloniya təmsilçisinin heyətində 75 oyuna çıxıb, 44 qol buraxıb, 43 matçda qapısını toxunulmaz saxlayıb.
Klaudio “Mançester Siti”yə 2016-cı ildə məhz “Barselona”dan keçib. 2020-ci ilə qədər İngiltərə klubunun uğurları üçün çalışmış təcrübəli qolkiper, “şəhərlilər”in heyətində 61 oyuna çıxıb, 60 qol buraxıb, 29 matçda qapısını toxunulmaz saxlayıb.
Bravo “Barselona” ilə UEFA Çempionlar Liqasının, FİFA Klub Dünya Kubokunun, İspaniya La Liqasının (2 dəfə), İspaniya Kubokunun (2 dəfə), İspaniya Super Kubokunun, UEFA Super Kubokunun qalibi olub. O, “Mançester Siti” ilə də İngiltərə Premyer Liqasının (2 dəfə), İngiltərə Federasiya Kubokunun, İngiltərə Liqa Kubokunun (3 dəfə), İngiltərə Super Kubokunun (2 dəfə) qalibi olub.
Klaudio 2020-ci ildə “Mançester Siti”dən ayrılandan bəri “Betis”də çıxış edirdi. İspaniya klubunun heyətində bu yaya kimi 74 oyun keçirmiş qolkiper hazırda azad agentdir. Onun karyerasını bitirməsi gözlənilir.


