İspaniyanın “Barselona” klubunun mərkəz müdafiəçisi Mikayıl Faye bundan sonra Fransanın “Renn” komandasının uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Fransa klubu bu transfer üçün “Barselona”ya 10,3 milyon avro ödəyib. 20 yaşlı seneqallı müafiəçi yeni klubu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb.
Mikayıl Faye Seneqalın “Diambars” klubunun yetirməsidir. Xorvatiyada “Kustosiya”nın da formasını geyinmiş futbolçu “Barselona”ya 2023-cü ilin yayında 1,5 milyon avro müqabilində cəlb olunmuşdu. Kataloniya təmsilçisinin əsas komandasında debüt şansı qazanmayan müdafiəçi “Barsa Atletik”in heyətində 35 oyuna çıxıb, 4 qola imza atıb.
Faye bu ilin mart ayında Seneqal yığmasında debüt edib, ilk oyununda qol da vurub.
Yeri gəlmişkən, “Renn” türkiyəli hücumçusu Bertuğ Yıldırımı İspaniyanın “Xetafe” klubuna icarəyə verib. La Liqa təmsilçisi 22 yaşlı futbolçunu bu mövsümün sonuna (2025-ci ilin 30 iyununa) qədər icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Bir sözlə, türkiyəli hücumçu gələn yay yenidən “Renn”in düşərgəsinə qayıdacaq. Onun Fransa klubu ilə 2028-ci ilin 30 iyununa qədər müqaviləsi var.
Bertuğ Yıldırım Türkiyənin “Sarıyer” klubunun yetirməsidir. O, ölkəsində “Antalyaspor” və “Hatayspor”un da formasını geyinib. “Renn” hücumçunu 2023-cü ilin yayında 5,4 milyon avro müqabilində məhz “Hatayspor”dan transfer etmişdi. Bertuğ Liqa 1 təmsilçisinin heyətində 28 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb.
Bertuğ Yıldırım 2023-cü ildə debüt etdiyi Türkiyə millisinin heyətində 3 oyuna çıxıb, 2 qol vurub.


