Azərbaycan güləşçisi Hüseyn İsmayılov 17 yaşlılar arasında keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Arena.az xəbər verir ki, İordaniyanın paytaxtı Amman şəhərində 17 yaşadək güləşçilər arasında təşkil olunmuş U-17 dünya çempionatına bu gün yekun vurulub.
Son yarış günündə sərbəst güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıblar.
Rəvan Həsənzadə (45 kq) gürcüstanlı Levan Nozadzeyə (tuş), monqolustanlı Oçirxu Badarxa (6:3) və belaruslu Kiril Nikitsikə (12:2) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı Amirabbas Ramezanibazarmahallehə 2:4 hesabıyla məğlub olan Rəvan bürünc medal uğrunda görüşdə qazaxıstanlı Bekzat Amangəldi ilə qarşılaşıb. Bu rəqibini “tuş”la üstələyən Rəvan, fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Muhəmməd İsmayılov (51 kq) iranlı Sam Arşadğasabsarayiyə 5:4 hesabıyla qalib gəlib. O, 1/4 finalda qırğızıstanlı Marlen Abdraimova sonuncu xal prinsipinə əsasən (4:4) məğlub olub.
Hüseyn İsmayılov (60 kq) britaniyalı Danuş Jovkara (4:1), iranlı Fərhad Xateriyə (3:2) və ermənistanlı Hayk Avanesyana (4:2) qalib gələrək finala yüksəlib. Son görüşdə qırğızıstanlı Omurbek Uluya 1:5 hesabıyla məğlub olan Hüseyn gümüş medalı boyundan asıb.
Nihad Abasov (71 kq) 1/8 finalda amerikalı Melvin Millerə (0:11) uduzub. Fərhad Süleymanlı (92 kq) isə təsnifat mərhələsində digər amerikalı Con Diakomihalisə (3:7) məğlub olub.
Beləliklə, millimiz dünya çempionatını 1 gümüş və 3 bürünc medalla başa vurub. Xatırladaq ki, ötən gün Hüseyn Hüseynovla (55 kq) Muxamad Qantemirov (110 kq) da dünya üçüncüsü olmuşdular.
Azərbaycan yığması 77 xalla komanda hesabında ilk “5-liy”i qapayıb.


