Xames Rodriqes yenidən La Liqada – Rəsmi

Kolumbiya yığmasının hücumameyilli yarımmüdafiəçisi Xames Rodriqes bundan sonra İspaniyanın “Rayo Valyekano” klubunda forma geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə informasiyanı sözügedən klub rəsmi saytı vasitəsilə yayıb.

33 yaşlı futbolçu yeni klubu ilə 1 illik (2025-ci ilin 30 iyununadək) müqavilə imzalayıb. Bu yay Braziliya “San Paulo”su ilə müqaviləsini birtərəfli qaydada ləğv edən futbolçu “Rayo Valyekano”ya azad agent kimi keçib.

Xatırladaq ki, Xames Rodriqesin Braziliya klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi vardı. Kolumbiyalı futbolçu “San Paulo”da 22 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Yarımmüdafiəçi peşəkar karyerasına Kolumbiyanın “Enviqado” klubunda başlayıb. Daha sonra o, Argentinanın “Banfild”, Portuqaliyanın “Portu”, Fransanın “Monako”, İspaniyanın “Real”, Almaniyanın “Bayern”, İngiltərənin “Everton”, Qətərin “Əl Rayyan”, Yunanıstanın “Olimpiakos” klublarında da forma geyinib.

Xames Rodriqes 2011-ci ilin oktyabr ayında debüt etdiyi Kolumbiya yğmasında 106 oyuna çıxıb. O, bu oyunlarda 28 qola imza atıb, 33 məhsuldar ötürmə verib.

“Rayo Valyekano” Argentinanın “River Pleyt” klubunun qapıçısı Auqusto Batalyanı da icarəyə götürüb. 28 yaşlı argentinalı qolkiper bu mövsümün sonuna kimi La Liqa təmsilçisində çıxış edəcək. O, ötən mövsüm İspaniyanın digər klubu “Qranada”da da icarədə olub.

Batalya “River Pleyt”in yetirməsi olsa da, daha çox digər klublarda icarələrdə olub. O, karyerası ərzində “Atletiko Tukuman”, “Tiqre”, “Union La-Kalera”, “O’Hiqqins”, “San-Lorenso” kimi klubların da formasını geyinib.

“Rayo Valyekano” mərkəz yarımmüdafiəçisi Xose Poso ilə də yollarını ayırıb. 28 yaşlı ispan futbolçu azad agent kimi “Karmiotissa” klubuna keçib. 2018-ci ildən “Rayo Valyekano”da çıxış edən yarımmüdafiəçi, bu komandanın heyətində 114 oyuna 11 qol vurub, 7 assist edib. O, “Almeriya”, “Əl-Əhli”, “Mançester Siti” kimi klubların da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: