İtaliyanın “Komo” klubu heyətini daha iki yeni futbolçu – yarımmüdafiəçilər Niko Pas və Maksimo Perrone ilə gücləndirib.
Arena.az bu barədə A Seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Sözügedən klub Niko Pası İspaniya nəhəngi “Real”dan 6 milyon avro müqabilində transfer edib. 19 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Niko Pas futbola “Tenerife”də başlasa da, “Real”ın yetirməsi hesab olunur. O, Madrid klubunun əsas komandasında 8 oyuna çıxıb, 1 qola imza atıb. Yarımmüdafiəçi Argentinanın U-20 və U-23 yığmalarında da oynayıb.
Maksimo Perrone isə İngiltərə çempionu “Mançester Siti”dən bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb. 21 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyəri 9 milyon avro göstərilir.
Perrone Argentinanın “Veles Sarfsild” klubunun yetirməsidir. O, “Mançester Siti”yə 2023-cü ilin yanvarında məhz yetirməsi olduğu klubdan 11 milyon avro qarşılığında keçib. Ötən mövsüm “Las Palmas”da da icarədə olmuş yarımmüdafiəçi, “Mançester Siti”nin əsas komandasında cəmi 2 oyun keçirib. O, Argentinanın U-16 və U-20 yığmalarında da çıxış edib.
Yeri gəlmişkən, “Mançester Siti” sağ vingeri Kaiki da Silva Şaqası da Niderlandın “Sparta” (Rotterdam) klubuna icarəyə verib. Braziliyadan olan 21 yaşlı futbolçu da bu mövsümün sonuna kimi icarədə qalacaq.
“Fluminense”nin yetirməsi olan Kaiki “Mançester Siti”yə 2021-ci ilin avqustunda 10 milyon avro qarşılığında keçib. O, daha öncə “Pasuş de Ferreyra” və “Bahia” kimi klublarda da icarədə olub, “şəhərlilər”in əsas komandasında isə 2 oyun keçirib. Kaiki Braziliyanın U-16 yığmasında da 2 oyuna çıxıb.


