“Barselona”, “Mançester Siti” və Çili yığmasının sabiq qapıçısı Klaudio Bravo peşəkar futbolçu karyerasını başa vurduğunu rəsmən açıqlayıb.
Arena.az bu barədə özünün sosial şəbəkə hesabı üzərindən ünvanladığı videomüraciətində açıqlama verib:
“Sizə bildirmək istəyirəm ki, peşəkar futbolu tərk edirəm. Mən, ailəmlə müzakirə etdiyimiz düzgün, düşünülmüş qərar verdim. Həyatımın bu çox vacib dövrünü bitirmək və yeni mərhələyə başlamaq vaxtıdır.
Mənə bütün sahələrdə – həm şəxsi, həm də peşəkar sahədə böyümək və inkişaf etmək imkanı vermiş bütün klublara təşəkkür edirəm. “Kolo-Kolo”, “Real Sosyedad”, “Barselona”, “Mançester Siti” və “Betis”ə təşəkkürlər. Karyeram boyu malik olduğum bütün tərəfdaşlarıma, xüsusilə çətin anlarda mənə həmişə kömək etmiş bütün texniki mütəxəssislərə, məşqçilərə, idarəçilərə, işçilərə təşəkkür edirəm. Məni dəstəkləyən, mənə məhəbbət, hörmət və heyranlıq bəxş edən dünyadakı pərəstişkarlarıma təşəkkür edirəm”, – Bravo bildirib.
Xatırladaq ki, Klaudio Bravo “Kolo-Kolo”nun yetirməsidir. 2006-cı ildə “Real Sosyedad” bu qapıçını Avropaya gətirib. O, 2014-cü ilə qədər məhz İspaniya klubunun uğurları üçün çalışıb.
Bravo 2014-2016-cı illər aralığında “Barselona”da forma geyinib. O, Kataloniya təmsilçisinin heyətində 75 oyuna çıxıb, 44 qol buraxıb, 43 matçda qapısını toxunulmaz saxlayıb.
Klaudio “Mançester Siti”yə 2016-cı ildə məhz “Barselona”dan keçib. 2020-ci ilə qədər İngiltərə klubunun uğurları üçün çalışmış təcrübəli qolkiper, “şəhərlilər”in heyətində 61 oyuna çıxıb, 60 qol buraxıb, 29 matçda qapısını toxunulmaz saxlayıb.
Bravo “Barselona” ilə UEFA Çempionlar Liqasının, FİFA Klub Dünya Kubokunun, İspaniya La Liqasının (2 dəfə), İspaniya Kubokunun (2 dəfə), İspaniya Super Kubokunun, UEFA Super Kubokunun qalibi olub. O, “Mançester Siti” ilə də İngiltərə Premyer Liqasının (2 dəfə), İngiltərə Federasiya Kubokunun, İngiltərə Liqa Kubokunun (3 dəfə), İngiltərə Super Kubokunun (2 dəfə) qalibi olub.
Klaudio 2020-ci ildə “Mançester Siti”dən ayrılandan bəri “Betis”də çıxış edirdi. Çilili qapıçı elə, Əndəlüs klubundan azad agent olaraq ayrıldıqdan sonra da əlcəklərini asılqandan asıb.
2004-cü ilin iyul ayında Çili yığmasında debüt etmiş Klaudio, millinin heyətində 150 oyun keçirib. O, bu oyunlarda 173 qol buraxıb, 58 matçda qapısını toxunulmaz saxlayıb.


