Yasin Adli “Milan”ı tərk etdi – “Fiorentina”ya görə

İtaliyanın “Milan” klubunun dayaq yarımmüdafiəçisi Yasin Adli bundan sonra “Fiorentina”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Florensiya klubunun rəsmi saytına istinadən xəbər verir.

“Fiorentina” əslən Əlcəzairdən olan fransalı futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

Yasin Adli PSJ-nin yetirməsidir. “Bordo”da da oynamış 24 yaşlı futbolçu 2021-ci ildə 8,75 milyon avro müqabilində “Milan”a keçib. Amma o, İtaliya nəhənginin heyətində həmin dövrdən bəri cəmi 39 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb. Adli vaxtilə Fransanın U-19 yığmasında da forma geyinib.

“Milan” digər yarımmüdafiəçisi Tommaso Pobeqanı da “Bolonya”ya icarəyə verib. 25 yaşlı italiyalı futbolçu da yeni klubu tərəfindən bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb.

Tommaso Pobeqa futbola “Triestina”da başlasa da, “Milan”ın yetirməsi hesab olunur. O, doğma klubunun əsas komandasında cəmi 43 matça çıxıb və 3 qolla yadda qalıb. Pobeqa əvvəlki mövsümlərdə “Pordenone”, “Torino”, “Ternana”, “Spetsiya” kimi klublarda da icarədə olub. İtaliyanın U-21 yığmasında da oynamış Pobeqa, 2022-ci ildə debüt etdiyi əsas millidə 3 oyuna çıxıb.

“Bolonya” Pobeqa ilə yanaşı, İngiltərənin “Aston Villa” klubunun vingeri Samuel İlinq-Junioru da icarəyə götürüb. Əslən Konqodan olan ingiltərəli futbolçu bu mövsümün sonuna kimi A Seriyasında çıxış edəcək.

Samuel İlinq-Junior “Çelsi”nin yetirməsidir. 20 yaşlı ingilis futbolçu 2020-ci ilin sentyabr ayında 1,88 milyon avro qarşılığında “Yuventus”a keçib. Yarımmüdafiəçi 2020-ci ilin dekabr ayından Turin klubunun əsas komandasında oynayırdı. O, bu komandada 45 oyuna 2 qol vurub, 4 məhsuldar ötürmə edib. Bu yay isə “Yuventus” Samueli 14 milyon avro müqabilində “Aston Villa”ya satmışdı. Amma o, bu klubda debüt etmədən başqa komandaya icarəyə yollanmalı olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: