Ronaldo AÇ-də qaçırdığı penaltidən doğan göz yaşlarını şərh etdi

Portuqaliya yığmasının və “Əl-Nəsr”ın ulduz hücumçusu Kristiano Ronaldo AÇ-2024-də qaçırdığı penalti haqda danışıb.

Arena.az məlumat verir ki, “Roni” bu barədə özünün “YouTube” kanalında keçmiş ingilis futbolçu, hazırda futbol mütəxəssisi, təhlilçi olaraq çalışan Rio Ferdinandla söhbəti zamanı şərh verib.

Xatırladaq ki, Ronaldo AÇ-2024-ün 1/8 finalında Sloveniya yığması ilə oyunda (əsas və əlavə vaxt 0:0, penaltilərlə 3:0) penaltini qola çevirə bilməmiş və nəticədə qəhərə, göz yaşlarına boğulmuşdu.

“Etdiyinə aludə olanda, öz hisslərin barədə narahat ola bilmirsən. Məsələn, penaltini qaçırdığım gün ağladım. Ağlamağım ona görə deyildi ki, penaltidən qol vurmasaydım, Portuqaliya isə mübarizədən kənarlaşsaydı, dünya üstümə uçacaqdı. Buna görə deyil. Bu insanlar məni tanımırlar.

Təsəvvür edin ki, son 27 penalti dəqiq vurursunuz, sonra isə birini qaçırırsınız, bu müddət ərzində özünüzü pis hiss edirsiniz. Stadiona gələnlər – uşaqlarınız, ananız, sevgiliniz, hamınız, buna görə kədərlənmişdim. Siz hesab edirsiniz ki, mən, penaltini qaçırdığım, Portuqaliyanın isə mənə qəzəblənəcəyi, Kristianonun penaltini qaçırdığı üçün uğursuzluğa düçar olduğumuzu deyəcəklərini düşünürəm? Mən bu barədə heç düşünməmişəm belə”, deyə Kristiano vurğulayıb.

Xatırladaq ki, portuqal ulduz AÇ-2024-də keçirdiyi 5 oyunda 1 məhsuldar ötürmə və dəqiq yerinə yetirilmiş 2 oyunsonrası penalti ilə fərqəlnib. Ronaldonun qitə birinciliyində ümumi çıxışını mütəxəssislər kafi olaraq qiymətləndirirlər.

Portuqaliya yığması isə yarışın 1/4 finalında Fransa yığmasına oyunsonrası penaltilər silsiləsində məğlub olaraq, AÇ-2024-lə vidalaşıb (əsas və əlavə vaxt 0:0, penaltilərlə 3:5).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: