Kristiano Ronaldo öz məşhurluğu haqda söhbət açdı

“Əl-Nəsr”in və Portuqaliya yığmasının kapitanı, ulduz hücumçu Kristiano Ronaldo özünün məşhurluğu haqda söhbət açıb.

Arena.az məlumat verir ki, “Roni” bu barədə özünün “YouTube” kanalında keçmiş ingilis futbolçu, hazırda futbol mütəxəssisi, təhlilçi olaraq çalışan Rio Ferdinandla söhbəti zamanı danışıb:

“Dünyada məni daha çox insan izləyir. Siz Kristiano haqqında danışanda diqqət mərkəzində olursunuz, bu, adi bir haldır”, deyə Ronaldo bildirib.

Vurğulayaq ki, Kristiano Ronaldonun özünün “YouTube” kanalı ilk milyon abunəçini qazanmaq üçün sərf etdiyi müddətə görə videomüstəvinin tarixində mütləq rekord müəyyənləşdirib. Ronaldonun kanalına milyon abunəçinin toplanması üçün cəmi 90 dəqiqə kifayət edib.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.

Cari mövsümə isə Ronaldo “Nəcd cəngavərləri”nin heyətində bütün yarışlarda 4 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 68 oyun, 62 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Maraqlıdır ki, Ronaldo “Əl-Nəsr”lə hələ heç bir qənimət qazanmayıb. Qolçuluq mükafatları ilə yanaşı, Ronaldonun “Əl-Nəsr”dəki yeganə uğuru ötən mövsümün ən yaxşı oyunçusu seçilməsidir.

Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 212 oyun keçirib, 130 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: