“Real”ın sabiq futbolçusu Quti fransalı hücumçu Kilian Mbappeni bir vaxtlar bu klubda çıxış etmiş Kristiano Ronaldo ilə müqayisə edib.
Arena.az xəbər verir ki, Qutinin fikrincə, portuqal ulduz penaltini yerinə yetirmək məsuliyyətini öz üzərinə götürərdi, fransalı hücumçu isə La Liqanın 3-cü turunda baş tutan “Las Palmas”la oyunda (1:1) bu hüququ Vinisiusa verib.
“Mbappenin yerində olsaydım, fərqli qarşılıq verərdim. Heç kim “Real”da Kristiano Ronaldonun penalti vurmaq hüququnu əlindən ala bilməzdi. Bu, 15 gün çəksə belə. Mənə görə, penalti zərbəsini Mbappe yerinə yetirməli idi”, deyə Quti fərqi ortaya qoyub.
Xatırladaq ki, Mbappe “Real”a bu yay PSJ-dən azad agent kimi keçib. O, cari mövsümdə Madrid klubunun heyətində bütün yarışlarda 4 oyuna çıxıb və 1 qol vurub.
Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.
Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 84 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu isə Mbappenin dünyanın dörd ən bahalı futbolçusundan biri olması deməkdir.


