1990-cı ildə İtaliyada keçirilmiş dünya çempionatının ən sərrast futbolçusu, italyan hücumçu Salvatore Skillaçinin səhhəti pisləşib.
Arena.az məlumat verir ki, bu barədə Skillaçinin ailəsi futbolçunun rəsmi sosial şəbəkə hesabları üzərindən məlumat paylaşıb.
Keçmiş futbolçunun ailəsi bildirib ki, 2022-ci ildən yoğun bağırsağın xərçəngindən əziyyət çəkən Salvatore xəstəxanaya yerləşdirilib:
“Mətbuatdan gələn saysız-hesabsız zəngləri və ortalıqda dolaşan xoşagəlməz söz-söhbətləri nəzərə alaraq aydınlaşdırırıq ki, sevimli “Toto”muzun vəziyyəti sabitdir və daim təcrübəli həkimlər dəstəsi tərəfindən gecəbəgündüz müayinə edilir. İrəli, “Toto”, – ailəsi Skillaçinin adından paylaşıb.
Xatırladaq ki, Salvatore Skillaçi peşəkar futbolçu karyerasına 1997-ci ildə xitam verib. Skillaçi karyerası ərzində “Messina”, “Yuventus”, “İnter” və “Cubilo İvata”da çıxış edib. Salvatore Skillaçi DÇ-90-da İtaliya yığması ilə bürünc medal qazanıb, 6 qolla dünya çempionatının ən sərrast futbolçusu olub.


