ABŞ yığmasının yeni baş məşqçisi Maurisio Poçettino “yankilər”dən gözlədiyi iddialarla bağlı sualı cavablayıb.
Arena.az ABŞ Futbol Federasiyasının (USSF) “X” sosial şəbəkə hesabına istinadən, argentinalı mütəxəssisin bu barədə cavabını təqdim edir:
“Bizim vaxtımız var. Biz təkcə oyunda qalib gəlməyimizə deyil, dünya çempionatını qazana biləcəyimizə də inanmalıyıq. Biz istəyirik ki, futbolçular milli komandaya böyük düşüncələrlə gəlsinlər.
Oyun tərzimiz necə olacaq? Biz çevikik. Məşqçilər qərargahımız keyfiyyətli futbol təqdim etmək istəyir. Azarkeşləri bizə qoşulmağa inandırmaq üçün biz oyunun estetikası üzərində də işləməliyik. Biz yaxşı, hücum futbolu mümayiş etdirmək istəyirik”, deyə “Poç” vurğulayıb.
Xatırladaq ki, ABŞ yığması 2026-cı il FIFA Dünya Kubokunda ev sahibi ölkələrdən birinin təmsilçisi qismində iştirak edəcək. Digər iki ev sahibi ölkə isə ABŞ-ın şimal qonşusu Kanada və cənub qonşusu Meksikadır.
Maurisio Poçettino ABŞ yığması ilə 2 il müddətinə imzaladığı müqaviləsi üzrə ildə 6 milyon avro məbləğində maaş alacaq. Argentinalı mütəxəssisin qarşısında ABŞ yığmasının iddiasını doğma meydanda keçiriləcək dünya çempionatında ortaya qoymaq kimi sadə, amma icrası çətin bir tapşırıq qoyulub.


