Renat Dadaşovun yeni baş məşqçisi – Kenan Koçak

Azərbaycanlı futbolçular Həsən Nəzərov və Renat Dadaşovun çıxış etdiyi “Ankaragücü”nün yeni baş məşqçisinin adına aydılnlıq gəlib.

Arena.az xəbər verir ki, Ankara təmsilçisinə bundan sonra Kenan Koçak rəhbərlik edəcək.

Bu barədə TFF 1-ci Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Gənc mütəxəssislə 1+1 illik müqaviləyə imza atıb. O, mövsümə uğursuz startdan sonra istefaya göndərilən Cihat Arslanı əvəzləyib.

Kenan Koçak buna qədər Almaniya klublarında məşqçilik edib. O, “Türkspor Mannheym”, “Valdhof Mannheym”, “Sandhauzen”, “Hannover” kimi komandalarda baş məşqçi olub. 2021-ci ildən Türkiyə millisində köməkçi kimi çalışan 43 yaşlı mütəxəssis 2023-cü ilin sentyabr ayından işsiz idi.

Xatırladaq ki, “Ankaragücü” 5 turdan sonra 6 xalla 13-cü pillədə qərarlaşıb. Komanda növbəti turda “Fatih Karagümrük”lə üz-üzə gələcək.

Xatırladaq ki, Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 5 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Həsən Nəzərov isə Ankara klubunun U-19 komandasının üzvü olsa da, bu ildən əsas komandada da oynamağa başlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: