“Kəpəz” futbol üzrə Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünə ardıcıl 7 məğlubiyyətlə başlayıb.
Arena.az xəbər verir ki, bu, son 20 ildə ilk belə hadisədir.
Startda ardıcıl 7 məğlubiyyət alan sonuncu komanda “Şəfa” olub. Bakı klubu 2004/2005 mövsümündə bu qədər görüşdə xal qazanmayıb.
Azərbaycan çempionatları tarixində ümumilikdə 6-cı dəfə bir komanda mövsümün ilk 7 oyununu xalsız başa vurub. “Şəfa” və “Kəpəz”dən əvvəl Kürdəmir “Şirvan”ı 1992, Sumqayıt “Xəzər”i 1994/1995, “Şəmkir” 1996/1997, Quba “Şahdağ”ı 2000/2001 mövsümündə belə uğursuzluq yaşayıb.
Xatırladaq ki, Gəncə təmsilçisi yeddinci məğlubiyyətini ötən gün “Şamaxı” ilə matçda alıb – 0:2. Sözügedən komanda əvvəlki turlarda “Araz-Naxçıvan”a (0:1), “Sabah”a (2:3), “Səbail”ə (0:4), “Turan Tovuz”a (0:3), “Qarabağ”a (0:3) və “Sumqayıt”a (0:2) uduzub.
Maraq üçün qeyd edək ki, gəncəlilər 2023/2024 mövsümünün son üç turunda da məğlubiyyətə üzülmüşdülər – “Turan Tovuz”a 0:1, “Zirə”yə 0:1 və “Neftçi”yə 1:5. Bu komanda son olaraq mayın 4-də “Sumqayıt”la ev oyununda (Premyer Liqanın 33-cü turunda) xal qazanıb – 1:1. Gəncə təmsilçisinin sonuncu qələbəsi isə ötən mövsümün 32-ci turunda “Qəbələ” ilə səfər matçına təsadüf edib – 1:0.


