Massimo Karrera istefaya göndərildi

İtaliya C Seriyasının təmsilçisi “Askoli” italyan mütəxəssis Massimo Karrera ilə əməkdaşlığına xitam verib.

Arena.az bu barədə “Askoli”nin rəsmi saytına istinadən məlumat verir:

“Askoli” bəyan edir ki, klub cənab Karreranı birinci komandanın baş məşqçisi vəzifəsindən azad edir. Massimo ilə yanaşı, onun məşqçilər qərargahının üzvləri Sercio Porrini və Covanni Saraçini də klubdan ayrılırlar. Klub onlara işlərinə görə təşəkkür edir və gələcək karyeralarında uğurlar arzulayır”, – “Askoli”nin mətbuat xidmətinin bəyanatında deyilir.

Massimo Karrera cari ilin martında “Askoli”nin sükanı arxasına keçmişdi. İtalyan mütəxəssislə müddəti 2025-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanmışdı.

Karreranın rəhbrlik etdiyi məşqçlər qərargahı ilə birgə istefaya göndərilməsi komandanın qeyri-qənaətbəxş çıxışı ilə bağlıdır.

“Askoli”nin yeni baş məşqçisi də məlum olub. Sözügedən komandanı bundan sonra A Seriyasında uzun müddət “Latsio”nun formasını geyinmiş Kristian Ledesmanın çalışdıracağı diqqətə çatdırılıb. 42 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

İtaliya C Seryiasının 6 turundan sonra “Askoli” 8 xalla yarış cədvəlinin 20 komandası arasında 10-cu pillədə qərarlaşıb.

Massimo Karrera “Askoli”ni 17 oyuna çıxarıb, 6 qələbə, 6 heç-heçə, 5 məğlubiyyət yaşayıb. Topların fərqi isə 22:18 nisbətindədir.

Massimo Karrera məşqçilik fəaliyyətinə 2009-cu ildə “Yuventus”da başlayıb. Mütəxəssis “qoca sinyora”nın yeniyetmələrdən ibarət komandaasını çalıdırıb, həmçinin baxıcı və köməkçi-məşqi çalışıb. Karrera “byankoneri” ilə İtaliya Super Kubokunu (2012) qazanıb. Ardınca Karrera İtaliya yığmasında köməkçi-məşqçi işləyib. Daha sonra Moskva “Spartak”ında köməkçi-məşqçi olaraq fəaliyyət göstərmiş Karrera, Moskva komandasının sükanı arxasına keçməklə, Rusiya Premyer Liqasını (2016/2017) və Rusiya Kubokunu (2017) qazanıb və həmin mövsüm Rusiya Premyer Liqasında ilin məşqçisi seçilib. İtalyan mütəxəssis Afina AEK-i və “Bari”ni də çalışdırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: