Ozan Can Kökçü oynadı, HJK vacib xallar itirdi

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun komandası Finlandiya çempionatının 25-ci turu çərçivəsində “İlves”lə üz-üzə gəlib.

Helsinki klubu doğma meydanda baş tutan bu oyundan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Ozan bu görüşün 83-cü dəqiqəsində meydana buraxılıb. Amma o, qısa müddət ərzində komandasına heç nə ilə kömək edə bilməyib.

Qeyd edək ki, bu, Ozanın Finlandiya çempionatındakı 6-cı oyunu olub. O, bu görüşlərdə hələlik 1 assistlə fərqlənə bilib.

HJK 25 turdan sonra topladığı 45 xalla “çempionluq qrupu”nun” 3-cü pilləsində qərarlaşıb. “İlves” isə 48 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib.

Son iki mövsümü Niderlandın “Eyndhoven” klubunda keçirmiş Ozan Can Kökçü bu il iyulun 31-də HJK ilə 2,5 illik müqaviləyə imza atıb. O, bu klubun heyətində 10 oyun keçirib, 1 məhsuldar ötürmə edib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 9 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: