Türkiyə çempionu “Qalatasaray”da “Napoli”dən icarə əsasında çıxış edən nigeriyalı mərkəz hücumçusu Viktor Osimhen zədələnib.
Arena.az bu barədə İstanbul klubunun rəsmi saytına istinadən məlumat verir.
Nigeriyalı hücumçunun budun arxa nahiyəsindən zədə aldığı bildirilir. Tibbi müayinənin nəticələri Osimhenin budunun arxa səthi nahiyəsində şiddətli dartılma və sızma olduğunu müəyyən edib.
Xatırladaq ki, Osimhen ötən şənbə günü Türkiyə Super Liqasının “Kasımpaşa” ilə ev oyunu (3:3) zamanı zədələnərək, fasilədə əvəzlənib. Buna qədər nigeriyalı hücumçu qolla dübarə fərqlənməyə də macal tapıb.
İlkin ehtimallara görə, nigeriyalı hücumçunun bərpası bir neçə həftə çəkəcək. Osimhenin noyabrın ortalarından tez meydana qayıtmayacağı vurğulanır.
Bu arada Osimhen maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. O, öz transfer dəyərini təxmin edib. Nigeriyalı futbolçunun bu bardə fikrini təqdim edirik:
“Fikrimcə, mənim dəyərim 100 milyon avro məbləğdən çoxdur, çünki mənimlə eyni xüsusiyyətlərə malik bir neçə oyunçu var”, deyə hücumçu vurğulayıb.
Xatırladaq ki, Viktor Osimhen “Napoli”yə 2020-ci ilin sentyabrında 75 milyon avro məbləğ müqabilində “Lill”dən keçib. Nigeriyalı hücumçunun Neapol təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Sentyabr ayında Osimhen cari 2024/2025-ci illər mövsümünün sonuna qədər “Qalatasaray”a ödənişsiz əsasda icarəyə verilib.
Cari mövsümdə Osimhen “Qalatasaray” üçün 4 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.
Viktor Osimhen 2017-ci ilin iyununda debüt etdiyi Nigeriya yığmasının heyətində 37 oyuna çıxıb, 22 qol vurub, 11 məhsuldar ötürmə verib. Osimhen Nigeriyanın U-17 yığması ilə 2015 Dünya Kubokunun, U-23 yığması ilə 2015 Afrika Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı nigeriyalı hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.


