Fransa çempionu PSJ-nin baş məşqçisi Luis Enrike komandasının əsas qapıçısı Canluici Donnarummanın müdafiəsinə qalxıb.
Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis, italyan qapıçının Çempionlar Liqasının Liqa mərhələsinin “Arsenal”la 2-ci tur səfər oyununda iki “məhsuldar səhv”ə yol verməsi nəticəsində Fransa nəhənginin 0:2 hesablı məğlubiyyətinə görə tənqid edilməsini dayandırmağa çağırıb:
“Biz təqsiri bu və ya digər oyunçunun üzərinə atmazdan əvvəl vəziyyəti başa düşməliyik. Məşqçi yalnız məsuliyyət daşıyır. Məğlub olanda bir futbolçunu tənqid etmək düzgün deyil.
İnsanlar tez-tez Donnarummanı tənqid edirlər, amma lütfən, onu rahat buraxın və məni lənətləyin. Biz oyunun bütün vacib mərhələləri üzərində işləyirik. Bu, o demək deyil ki, müvafiq hallar bir daha təkrarlanmayacaq, ancaq bu, yalnız qapıçının deyil, bütün komandanın fəaliyyəti nəticəsində yaranıb”, deyə Luis Enrike vurğulayıb.
Canluici Donnarumma 2021-ci ilin iyulundan PSJ-də çıxış edir. Qapıçı “Milan”dan sərbəst transferlə parislilərin düşərgəsinə keçib. Tərəflər arasındakı müqavilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
Cari mövsümdə italyan qapıçı parislilərin hetyətində 5 oyuna çıxıb, 5 qol buraxıb, 1 oyundan “quru” qurtulub. Donnarummanın PSJ-də çıxışının ümumi mənzərəsi 119 oyun, 118 buraxılmış qol və 40 “quru” oyundan ibarətdir.
Futbol uğurlarına gəlincə, Donnrumma “Milan”la İtaliya Super Kubokunun (2016/2017), PSJ ilə Fransa Liqa 1-nin (2021/2022, 2022/2023, 2023/2024), Fransa Kubokunun (2023/2024), Fransa Super Kubokunun (2022/2023, 2023/2024) qalibi olub.
Donnarumma 2016-cı ilin sentyabr ayında debüt etdiyi və hazırda kapitanı olduğu İtaliya yığmasının heyətində 68 oyun keçirib, 56 qol buraxıb, 28 oyunda qapısının toxunulmazlığını təmin edib. Donnarumma “skuadra adzrra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı italyan qapıçının transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


