PSJ-nin baş məşqçisi Luis Enrike parislilərin fransalı hücumçusu Usman Dembele ilə münaqişəsi haqda xəbərlərə münasibətini bildirib.
Arena.az xatırladır ki, ispan mütəxəssis bu səbəbdən, cəza tədbiri olaraq Dembeleni Çempionlar Liqasının “Arsenal”la 2-ci tur səfər oyununda (0:2) heyətə daxil etməmişdi.
“Oyunçu öz öhdəliklərini yerinə yetirməyəndə, bu, baş verə bilər. İndi hər şey qaydasındadır. Lazım olanda sərtəm, lazım olanda da mülayiməm. Bu, bir məşqçi və insan kimi mənim əsas bacarıqlarımdan biridir. Hər bir futbolçunun yerinə yetirməli olduğu öz öhdəlikləri var.
Futbolçular ciddi səhv etsələr, nə qədər asan və çətin olsa da, düzgün qərar verəcəyəm. Qərarıma şübhə etməyəcəyəm, çünki mən həmişə komanda üçün nəyin yaxşı olduğunu düşünürəm”, deyə Luis Enrike bildirib.
Xatırladaq ki, Dembele ilə Enrike arasında ilk gərgin vəziyyət mövsümün lap əvvəlində, Enrikenin portuqal yarımmüdafiəçi Vitinyonu penaltilərin yerinə yetirməsində əsas oyunçu təyin etməsilə yaranıb. Dembele məşqçinin bu qərarını anlamayıb. Usman “Havr”la oyundan (4:1) sonra müvafiq narazılığını açıq şəkildə ifadə edib.
Üstəlik, ispan çalışdırıcı bu yaxınlarda “Renn”lə oyunun (3:1) sonunda futbolçunu meydanda eqoistliyinə görə tənqid edib. Eyni zamanda, Dembele özü də Enrikenin bəzi taktiki göstərişlərindən məyus olub. Dembele müvafiq göstərişlərin onun meydanda fəaliyyət azadlığını gərəksiz şəkildə məhdudlaşdırdığına inanır.
Usman Dembele PSJ-yə 2023-cü ilin yay transfer pəncərəsində 50,4 milyon avro müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Dembele PSJ-nin heyətində bütün yarışlarda 7 oyuna çıxıb, 4 qol vurub, 4 məhsuldar ötürmə verib. Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 49 oyun, 10 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.
Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 51 oyun keçirib, 6 qol vurub, 4 məhsuldar ötürmə verib. O, “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı Dembelenin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.


