“Liverpul”un niderlandlı mərkəz yarımmüdafiəçisi Rayan Qravenberx İngiltərə Premyer Liqasını Almaniya Bundesliqası ilə müqayisə edib.
Arena.az xatırladır ki, Qravenberxin Bundesliqada iştirak təcrübəsi var, niderlandlı futbolçu əvvəllər Almaniya nəhəngi “Bayern”də çıxış edib:
“İngilis futbolu daha sürətlidir. Burada oynamaq daha ağırdır. Topun səndə olub-olmamasının fərqi yoxdur – Premyer Liqada təpki də aqressivdir. Bundesliqada, düşünürəm ki, qərar vermək üçün nisbətən çox vaxtınız var. Burada isə qərarı tez vermək gərəkdir. Hər şey sizin yeni şəraitə nə qədər tez uyğunlaşmağınızdan asılıdır”, – “Mirror” nəşri Qravenberxdən sitat gətirir.
Rayan Qravenberx futbola “Zebyurgiya” klubunda qədəm qoyub və buradan Niderland nəhəngi “Ayaks”ın düşərgəsinə yol taparaq, böyük futbolda debüt edib. Ardınca “Bayern”ə keçmiş Qravenberxi 2023-cü ilin sentyabrında “Liverpul” 40 milyon avro məbləğ müqabilində “qırmızılar”ın düşərgəsinə qatıb. Niderlandlı futbolçunun ingilis klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Qravenberx “Liverpul”un heyətində bütün yarışlarda 9 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Qravenberxin “qırmızılar” üçün çıxışının ümumi mənzərəsi isə 47 oyun, 4 qol və 2 məhsuldar ötürmədən ibarətdir.
Rayan Qravenberx 2021-ci ilin martında debüt etdiyi Niderland yığmasının heyətində 15 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Rayan Qravenberxin qənimətlər muzeyində “Ayaks”la Niderland çempionluğu (3 dəfə) və Niderland Kuboku (2 dəfə), “Bayern”lə Almaniya Bundesliqası çempionluğu və Almaniya Super Kuboku, “Liverpul”la İngiltərə Liqa Kuboku var. Həmçinin Qravenberx Niderlandın U-17 yığması ilə Avropa çempionu (2018) olub.
“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin trasnfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


