Azərbaycan çempionu “Qarabağ”ın mərkəz yarımmüdafiəçisi Yassin Benzya Əlcəzair millisinin heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Toqo ilə qarşılaşıb.
Qrup mərhələsinin 4-cü turunun görüşü Əlcəzair yığması üçün uğurlu alınıb. Benzyanın komandası səfərdə 1:0 hesablı qələbə qazanıb. Meydana start heyətində çıxan “Qarabağ”ın yarımmüdafiəçisi 63-cü dəqiqədə Səid Benrahma ilə əvəzlənib.
Əlcəzair yığması yer aldığı E qrupunda 12 xalla liderdir. Bu qələbə sayəsində komanda son 2 turun nəticələrindən asılı olmayaraq, növbəti mərhələyə vəsiqəni təmin edib.
Yassin Benzya 2023-cü ilin yanvar ayından “Qarabağ”da forma geyinir. Hücumameyilli yarımmüdafiəçi indiyə qədər Ağdam klubunun heyətində 69 oyuna çıxıb, 20 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub. Yassinin Azərbaycan çempionu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. O, 2016-cı ilin mart ayında debüt etdiyi Əlcəzair yığmasının heyətində 11 oyuna çıxıb, 4 qol və 1 assistlə fərqlənib.
“Sumqayıt”ın dayaq yarımmüdafiəçisi Tresor Mossi də Burundi yığmasının heyətində növbəti oyuna çıxıb. Burundi yığması Afrika Millətlər Kubokunun təsnifat mərhələsi çərçivəsində Burkina Faso ilə qarşılaşıb. Doğma meydanda baş tutan oyun Mossinin komandası üçün uğursuz alınıb. Belə ki, meydan sahibləri 0:2 hesablı məğlubiyyətə üzülüblər. Mossi bu görüşdə 90 dəqiqə meydanda olub.
Tresor Mossi 2023-cü ilin avqust ayından “Sumqayıt”da çıxış edir. 23 yaşlı dayaq yarımmüdafiəçisinin bu klubla 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var. O, Azərbaycan klubunun heyətində indiyə qədər 41 oyuna keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.
Mossi ölkəsinin “Egl Nuar” klubunun yetirməsidir. O, 2021-ci ilin iyul ayında “Vesterlo”ya keçsə də, bu klubun əsas komandasında rəsmi matça çıxmayıb. Bu üzdən də gənc yarımmüdafiəçi bir mövsüm Lüksemburqun “Keryenq” klubunda icarədə olub. Tresor 2020-ci ilin yanvar ayında debüt etdiyi Burundu yığmasında 8 oyuna çıxıb.


