Emin Mahmudov: “Səviyyəcə serblərdən üstün deyilik”

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, “Neftçi”nin formasını geyinən 29 yaşlı futbolçu oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda bu gün təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Serbiya çox çətin rəqibdir. Rəqibin heyətində böyük futbolçular var. Amma yenə də əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə verək. Heç nə itirmirik. Qələbə qazanmağa çalışacağıq. Tam olaraq bu oyuna köklənmişik”.

Emin Mahmudov bildirib ki, futbol bir oyunçudan asılı deyil: “Əsas komandanın kollektiv şəkildə çıxış etməsidir. Meydana çıxsam, əlimdən gələnin maksimumunu göstərməyə, milliyə xeyir verməyə çalışacağam”.

“Neftçi”nin kapitanı Serbiya yığmasının daha güclü heyətə malik olduğunu etiraf edib: “Əsas mübarizə aparmaqdır. Bizim səviyyəmiz onlardan üstün deyil. Hamı bilir ki, Serbiya yığmasının üzvləri daha üstündürlər. Onların oyunçuları hər il Çempionlar Liqasında oynayır. Bir saniyə konsentrasiyanı itirsək, qol vura bilərlər. Topla oynamağa çalışmalıyıq. Portuqaliya ilə görüşün ilk hissəsində top saxlaya bilmədik, əziyyət çəkdik. İkinci hissəni super keçirdiyimizi deməzdim, amma daha yaxşı hücuma çıxırdıq”.

Qeyd edək ki, Mahmudov Portuqaliya ilə oyunda start heyətdə meydana çıxmış və 84-cü dəqiqədə əvəzlənmişdi. Yığmamız həmin oyunda 0:1 hesablı məğlubiyyətlə üzləşmişdi. Qətərlə yoxlama matçında isə baş məşqçi ona istirahət vermişdi.

Azərbaycan – Serbiya oyunu sabah Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşmaya saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: