Məşhur “Adidas” şirkəti “Real”ın ingilis yarımmüdafiəçisi Cud Bellingemə həsr etdiyi “Predator” (ingiliscə: yırtıcı) butslarını təqdim edib.
Arena.az bu barədə “Versus” dərgisinə istinadən məlumat verir.
Butsların özü qara rəngdədir. Zolaqlar və altlıq qızılı rənglə işlənib. Butslar üzərində həmçinin Bellingemin rəmzləri əksini tapıb – bu, futbolçunun qol vurduqdan sonra qollarını geniş açaraq qolunu qeyd etdiyi siluetini və şəxsi imzasını ehtiva edir.
Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi müqabilində 103 milyon avro məbləğində xərc çəkib. Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Gənc ingilis futbolçunun Madrid klubundakı çıxışı elə, ilk mövsümdəcə uğurlu alınıb. 2023/2024-cü illər mövsümündə Bellingem “Real”ın heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 23 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.
Cari mövsümdə isə Bellingem “Real” üçün 8 oyun keçirib, 2 məhsuldar ötürmə verib.
Bellingem elə, ilk mövsümündəcə “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024) və UEFA Super Kubokunun (2024) qalibi olub.
Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 36 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 21 yaşlı ingilis yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.




