“Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn “Barselona”da çıxış edən polyak həmkarı Robert Levandovski haqda fikrini bildirib.
Arena.az jurnalist Kerri Hauya istinadən, ingilis hücumçunun bu barədə fikrini təqdim edir:
“Levandovski fantastik bir hücumçudur, bizim nəslin ən yaxşılarından biridir. Bu, xüsusi oyun olacaq. Çoxumuz onların məşqçisini yaxşı tanıyırıq. Rəqiblərimizin topa çox sahib olmasını və çox təzyiq göstərməsini gözləyirik. Çətin bir döyüş olacaq, amma biz bunu qəbul edəcəyik”, deyə Harri Keyn vurğulayıb.
Xatırladaq ki, hücumçular Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində baş tutacaq “Barselona” – “Bayern” oyununda üz-üzə gələcəklər. Oktyabrın 23-də keçiriləcək oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
“Odun üstünə yağ tökən” əsas məqam isə Levandovskinin bir vaxtlar “Bayern”də çıxış etməsidir. Polyak hücumçu Almaniya nəhənginin vuran ayağı olub. 2014-2022-ci illərdə Levandovski “Bayern” üçün 375 oyun keçirib, 344 qol vurub, 73 məhsuldar ötürmə verib.
Levandovsi “Bayern”lə 10 dəfə Almaniya Bundesliqasının, 4 dəfə Almaniya Kubokunun, 6 dəfə Almaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin polyak hücumçu “Bayern”in futbolçusu qismində nüfuzlu fərdi mükafatları, qolçuluq qənimətlərini muzeyinə aparıb.
Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 12 oyuna çıxıb, 14 qol vurub və 2 məhsuldar ötürmə verib. Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 107 oyun, 73 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 156 oyun keçirib, 84 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


