“Ayaks”ın baş məşqçisi Françesko Farioli Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan danışıb.
Arena.az xəbər verir ki, Niderland və Azərbaycan nəhəngləri arasındakı oyun sabah Bakıda baş tutacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 20:45-də start veriləcək.
Bu gün “Ayaks”ın baş məşqçisi Françesko Farioli və mərkəz müdafiəçisi Daniele Ruqani matçdan öncə keçirilən mətbuat konfransına qatılıblar. İtaliyalı mütəxəssis bunları söyləyib:
“Rəqibimizi təhlil etmişik. “Qarabağ” güclü rəqibdir, bir çox titulları var. Futbolçuları ilə maraqlanırdım. Mən Türkiyədə işləmişəm, ona görə də Azərbaycan haqda məlumatlıyam. Çünki bu ölkələr bir-birinə yaxındır.
“Qarabağ”ın bəzi futbolçularını fərdi şəkildə öyrəndik. Dinamik komandadır. Son dəqiqələrdə uduzduqları “Bayer”lə oyunu diqqətə çatdırardım. “Qarabağ”ın güclü və zəif tərəflərini analiz edirik. Biz daha yaxşı olmaq və layiqli xallar qazanmaq istəyirik.
Heyətlə bağlı bəzi itkilərimiz var. Bakıya tam heyətlə gəlməmişik.
Oyunqabağı məşq üçün “Neftçi Arena”nı niyə seçmişik? Sadəcə, plan belə idi. Biz adətən diqqəti cəlb etməmək üçün başqa stadionda sərbəst məşq etməyi xoşlayırıq.
Futbolda hər şey ola bilər. Amma biz öz oyunumuza və nəticəyə köklənmişik. Sabah sürpriz olarsa, növbəti oyunlara hazırlaşacağıq.
Bakıya “Ayaks”ın çoxlu azarkeşi gəlib. Bu haqda eşitmişəm. Bura gəlmək ucuz deyil, üstəlik çox pul xərcləməli oldular. Biz onlara bir jest etmək və qələbə ilə təşəkkür etmək istəyirik”.
Daniele Ruqani isə matçdan öncə bunları söyləyib:
“Qarabağ”ıın oyunlarına baxmışıq. Rəqibi ciddi təhlil etmişik. “Qarabağ”ın Avropada böyük təcrübəsi var. Güclü komandadır, təhlükəli rəqibdir. Amma biz də Bakıya qələbə üçün gəlmişik. Çətin olacaq, amma oynaya bildiyim üçün xoşbəxtəm. Ümid edirəm ki, komandaya nəticə əldə etməyə kömək edə biləcəyəm. Elektron viza ilə bağlı problem yaranmışdı. Viza səhv doldurulub. Buna görə Bakı hava limanında üç saat qaldım”.


