İtaliya yığmasının və İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Rikkardo Kalafyori zədələnərək bir neçə həftəlik sıradan çıxıb.
Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.
İtaliyalı futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Donetsk “Şaxtyor”u (Ukrayna) ilə matçda dizindən zədə alıb.
Xatırladaq ki, 22 yaşlı müdafiəçi ötən ay yığmanın heyətində UEFA Millətlər Liqasının Fransa ilə görüşündə də zədələnmişdi. İndi Kalafyori yenidən bir neçə həftə məcburi istirahət etməli olacaq.
Mərkəz müdafiəçisi olan Rikkardo Kalafyori futbola “Petriana” klubunda qədəm qoyub, buradan “Roma”ya yol taparaq, böyük futbolda “canavarlar”ın heyətində debüt edib. Kalafyori karyerası ərzində “Cenoa”, “Bazel” və “Bolonya”da da çıxış edib.
“Arsenal” italyan futbolçunu 2024-cü ilin iyulunda 45 milyon avro məbləğ müqabilində “Bolonya”dan “topçular”ın düşərgəsinə qatıb. Kalafyorinin “Arsenal”la müqaviəsi 2029-cu iliin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kalafyori “Arsenal” üçün 10 oyun keçirib, 1 qol vurub.
Rikkardo Kalafyori 2024-cü ilin iyununda debüt etdiyi İtaliya yığmasının heyətində 8 oyuna 1 məhsudlar ötürmə ilə fərqlənib.
Rikkardo Kalafyorinin qənimətlər muzeyində “Roma” ilə qazandığı Avropa Konfrans Liqası (2021/2022) var.
“Transfermarkt” internet-portalı 22 yaşlı italyan mərkəz müdafiəçisinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.


