Coşqun Diniyev məhsuldar ötürmə etdi, “Bandırmaspor”…

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Bandırmaspor” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 10-cu turu çərçivəsində “Sakaryaspor”la qarşılaşıb.

Coşqunun komandası doğma meydanda baş tutan bu qarşılaşmadan qələbə ilə ayrılıb – 3:2.

Diniyev bu oyuna start heyətdə başlayıb və 84-cü dəqiqədə əvəzlənib. Coşqun bu oyunda komandasının 51-ci dəqiqədə vurduğu 3-cü – qələbə qolunun məhsuldar ötürməsini verib.

Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu bu yay “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində 9 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər azərbaycanlı futbolçuların – Renat Dadaşovla Həsən Nəzərovun formasını geyindiyi “Ankaragücü” də növbəti matçına çıxıb. Sözügedən komanda 10-cu tur çərçivəsində “Kocaelispor”u qəbul edib və 4:2 hesablı qələbəyə sevinib.

Bir neçə gün öncə əməliyyat olunmuş Renat bu görüşün iştirakçısı olmayıb. “Ankaragücü” klubunun U-19 kollektivinin formasını geyinən Həsən isə bu dəfə sonadək ehtiyatda qalıb.

Renat Dadaşov da bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 9 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 2 oyun keçirib.

“Bandırmaspor” 10 turdan sonra 18 xalla 4-cü pillədə qərarlaşıb. “Ankaragücü” isə 16 xalla 6-cıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: