Boks yığmamız Budvada yeni rekordlara imza atdı

Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandası Monteneqroda keçirilən dünya çempionatında tarixi uğura imza atıb.

Arena.az xəbər verir ki, yığmamızın üzvləri Monteneqronun Budva şəhərində təşkil olunmuş dünya çempionatında ilkləri gerçəkləşdiriblər.

Baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi millimizin 5 boksçusu mundialın yarımfinalına adlayıb. Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq) və Aynur Mikayılova (57 kq) 1/4 final mərhələsini qələbə ilə başa vurublar. Bununla da yığmamız yarışın 5 mükafatını təmin edib.

Bu nəticə Azərbaycan boks tarixində yeni rekorddur. Millimiz indiyə qədər gənclərin dünya birinciliyində heç vaxt bu qədər mükafat qazanmayıb.

Əvvəlki rekord 2004-cü ildə qeydə alınıb. 20 il əvvəl 4 boksçumuz yarımfinala adlayıb. Cənubi Koreyanın Jeju şəhərində baş tutan mundialda boksçularımızın qazancı 4 bürünc mükafat olub.

Aynur Mikayılova isə mundialda medal qazanacaq ilk azərbaycanlı qız boksçu olacaq. Buna qədər heç bir idmançımız bunu bacarmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: