“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 13-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Mərdəkanda baş tutmuş bu oyunda nominal meydan sahibi olan “Araz-Naxçıvan” 1:0 hesablı qələbəyə sevinib.
Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Son 10 gün ərzində 3-cu rəsmi oyunumuz idi. Bildiririk ki, komanda matçın gedişində çətinlik çəkəcək. Ümumi götürdükdə, oyun ağır oldu. Komandam xarakter göstərdi. Marafon uzundur. Qələbə münasibəti ilə komandanı təbrik edirəm. Zədəli futbolçularımız da sıraya döndükdən və optimal heyətə sahib olduqdan sonra daha rəngarəng oyun nümayiş etdirəcəyik”.
“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov isə komandasının məğlubiyyətinə şərh verib:
“Yaxşı oyun oldu. Baxmayaraq ki, az qol vuruldu. Amma bu oyunda çoxlu qol imkanlarımız oldu. Qalib də gələ bilərdik. Əfsuslar olsun ki, uduzduq. Oyuna görə komandama təşəkkürümü bildirirəm. Məncə, ən yaxşı oyunlarımızdan birini keçirdik. Nəticə yaxşı olmasa da, belə oyunla, belə mübarizə ilə qarşıdakı matçlarda yaxşı nəticələr əldə edəcəyik. “Araz-Naxçıvan”ı qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı komandadır. Onlara növbəti matçlarda da uğurlar arzulayıram.
Bəlkə də son dövrlərdə ən çox qol epizodları yaratdığımız oyun idi. Komandanın ifasında ən çox nədən xoşum gəldi? İstəkli idilər, irəlidə qorxmurdular. Çoxlu qol imkanlarımız oldu, amma vura bilmədik. Rəqib bir səhvimizə görə qol vurdu. Bircə ondan narazı qaldım ki, qol epizodlarından istifadə edə bilmədik. Komandanın oyunundan, əzmkarlığından heç bir narazılığım yoxdur”.


