“Real”ın alman keçmiş yarımmüdafiəçisi Toni Kroos bir gün “qaymaqlılar”ın düşərgəsinə qayıdacağını istisna etmir.
Arena.az “Einfach mal Luppen” dərgisinə istinadən məlumat verir ki, futbolçu karyerasına yayda xitam vermiş Kroos, Madrid klubuna dönüşünü hər hansı digər vəzifədə görür:
“Mənim “Real”la yaxınlığımı nəzərə alsaq, gələcəkdə bu klubda hər hansı işlə məşğul ola biləcəyimi heç vaxt istisna etməzdim. “Real” ilə münasibətimiz həmişə xüsusi olacaq”, deyə Kroos vurğulayıb.
Xatırladaq ki, Kroos vətəni Almaniyada keçirilən 2024-cü il Avropa çempionatından sonra peşəkar futbolçu karyerasını başa vuracağını açıqlamışdı. Buna qədər isə alman yarımmüdafiəçi “Real”la 2023/2024-cü il Çempionalar Liqasının qalibi olduğu, Dortmund “Borussiya”sı ilə möhtəşəm final oyunundan (2:0) sonra vidalaşmışdı.
2020-ci il Avropa çempionatından dərhal sonra bundestimi tərk etmiş Kross, AÇ-2024-də yığmaya köməyini təklif etmiş və yenidən bundestimin düşərgəsinə qayıtmışdı.
Toni Kroos Rostok “Hanza”sının yetirməsidir. Yarımmüdafiəçi əvvəllər “Bayer” və “Bayern”də çıxış edib və artıq, 2014-cü ilin iyulunda 25 milyon avro müqabilində “Bayern”dən keçdiyi “Real”da çıxışını başa vurduğunu elan edib.
2023/2024-cü illər mövsümündə Kroos “qaymaqlılar”ın heyətində 48 oyuna 1 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib. Toninin İspaniya nəhənginin heyətində ümumi statistikası da sanballıdır: 465 oyun, 28 qol, 99 məhsuldar ötürmə.
Toni Kroos “Real”la bütün mümkün ali klub yarışlarında dəfələrlə qalib olub. Onun xəzinəsində “qaymaqlılar”la 4 İspaniya çempionluğu, 1 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 UEFA Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku var.
Kroos 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 114 oyuna 17 qol vurub, 21 məhsuldar ötürmə verib. Toni bundestimlə DÇ-2010-da və AÇ-2012-də bürünc medal qazanıb, DÇ-2014-də isə mundialın qalibi olub.
Bir müddət əvvəl, Kroosun futbol məşqçiliyi kurslarına yazıdığı barədə məlumat yayılmışdı.


