“Real”ın uruqvaylı mərkəz yarımmüdafiəçisi Federiko Valverde italyan baş məşqçi Karlo Ançelottinin toxunulmaz oyunçusudur.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, uruqvaylı futbolçu Ançelotti üçün “qaymaqlılar”ın heyətində hər hansı ulduzdan daha önəmlidir. 65 yaşlı mütəxəssisin fikrincə, hazırkı “Real” “uruqvaylı futbolçunun hansı mövqedə olmasından asılı olmayaraq, “Fede” və digər 10 nəfərdir”.
Karlo Ançelottinin Federiko Valverdeni bir neçə mövqedə oynamaq bacarığına, yaxşı fiziki hazırlığına, eləcə də paltardəyişmə otağında nümayiş etdirdiyi liderlik keyfiyyətlərinə görə dəyərləndirdiyi vurğulanır.
Federiko Valverde 2017-ci ildən “Real”ın əsas komandasında çıxış edir. Valverde karyerasına “Penyarol”da başlayıb, 2015/2016-cı illər mövsümündə Uruqvay çempionluğunu qazanmış “Penyarol”da “Real”ın diqqətini çəkib və transfer edilərək, 2016/2017-ci illər mövsümünü “Real”ın “B” komandasında keçirib. 2017-ci ildə madridlilərin əsas komandasında debüt etmiş Valverde 2017/2018-ci illər mövsümünü “Deportivo La Korunya”da icarədə keçirib və növbəti mövsümdə “Real”a qayıdıb.
Valverdenin “Kral klubu” ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Valverde “qaymaqlılar”ın heyətində 19 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə verib.
Valverdenin “Real”da ümumi göstəricisi isə belədir: 277 oyun, 25 qol, 25 məhsuldar ötürmə.
Valverde “Kral klubu” ilə bütün mümkün klub yarışlarını qazanıb: İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2023/2024), FIFA Klub Dünya Kubokunun (2018, 2023) qalibi olub.
Valverde 2017-ci ilin sentyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 67 oyun keçirib, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 26 yaşlı uruqvaylı mərkəz yarımmüdafiəçisi Federiko Valverdenin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.


