A Seriyası: “Roma” “Kalyari”ni 4 cavabsız qolla yendi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 23-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Roma” doğma meydanda “Kalyari” ilə üz-üzə gəlib. Daniele De Rossinin gəlişindən sonra qələbələri sıralayan paytaxt təmsilçisindən fərqli olaraq, Klaudio Ranyerinin çalışdırdığı “Kalyari” ardıcıl məğlubiyyətlərlə üzləşirdi. Autsayderlər qrupunda qərarlaşmış bu komanda “canavarlar”la da bacarmayıb. Romalılar doğma meydanda 4 cavabsız qola seviniblər.

Beləliklə, 23 turdan sonra 57 xala malik “İnter” vahid liderdir. “Yuventus” 53 xalla 2-ci, “Milan” 49 xalla 3-cü, “Atalanta” 39 xalla 4-cü pillədə qərarlaşıb. Xallarının sayını 38-ə çatdıran “Roma” artıq 5-cidir. “Bolonya” 36, “Napoli” 35, “Fiorentina” və “Latsio” 34, “Torino” 32, “Cenoa” və “Montsa” 29, “Leççe” 24, “Frozinone” 23, “Sassuolo” və “Udineze” 19, “Verona”, “Kalyari” və “Empoli” 18, “Salernitana” 13 xal toplayıb.

İtaliya, A Seriyası
23-cü tur

2 fevral

Leççe – Fiorentina 3:2
Qollar: Udin, 17. Pikkoli, 90. Dorqu, 90+2 – Mandraqora, 50. Beltran, 67.

3 fevral

Empoli – Cenoa 0:0

Udineze – Montsa 0:0

Frozinone – Milan 2:3
Qollar: Sule, 24-pen. Massitelli, 65 – Jiru, 17. Qabbya, 72. Yoviç, 81.

Bolonya – Sassuolo 4:2
Qollar: Viti, 24-öz qapısına. Fabbian, 73. Ferquson, 83. Salemakers, 86 – Torstvedt, 13. Volpato, 34.

4 fevral

Torino – Salernitana 0:0

Napoli – Verona 2:1
Qollar: Nqonqe, 79. Kvaratsxeliya, 87 – Koppola, 72.

Atalanta – Latsio 3:1
Qollar: Paşaliç, 16. De Ketelare, 43; 76 – İmmobile, 84-pen.

İnter – Yuventus 1:0
Qol: Qatti, 37-öz qapısına.

5 fevral

Roma – Kalyari 4:0
Qollar: Pelleqrini, 2. Dibala, 23; 51-pen. Heysen, 59.